Fransalı senator: “Terror hücumları İran rəmzlərinə yönəlib”
İrandakı terror aktları regionda gərginliyi artıracaq. Bunu Trend-ə “Novaya Rossiya” hərəkatının lideri, politoloq, ictimai xadim Nikita İsayev deyib.
Onun sözlərinə görə, İran region üçün çox vacib dövlətdir: “İran təkcə Yaxın Şərq üçün yox, həm də Cənubi Qafqaz regionu üçün çox vacibdir. Təbii ki, İrandakı terror təhlükəsi bu regiondakı stabilliyi də təhdid altında qoyur”.
Ekspert hesab edir ki, İranda terror fəaliyyəti güclənəcək: “Öz növbəsində İran bu fəaliyyətə cavab verəcək, bu isə region üçün kifayət qədər təhlükəlidir”.
“İranda baş vermiş faciəvi hadisələr bir daha sübut etdi ki, ABŞ prezidenti Donald Trampın İranın bütün dünyaya terror təhlükəsi daşıdığını bildirən sözləri əsassızdır”. Bunu isə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqatı Mərkəzinin elmi işçisi Stanislav Pritçin deyib.
Onun sözlərinə görə, bu gün İran həm terrorçuluq baxımından, həm də Yaxın Şərqdə davam edən qlobal qarşıdurma ilə əlaqədar təhlükəli vəziyyətdədir.
Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule isə terror hücumlarının İran hökumətinə və İranda demokratiyanın rəmzlərinə yönəldiyini deyir. Onun sözlərinə görə, İran Körfəz regionunda demokratik parlamenti olan yeganə dövlətdir.
Senator qeyd edib ki, İran rejiminin rəmzi (Xomeyni məqbərəsi) və siyasi sistemin rəmzinə (parlament) qarşı planlanmış hücumlar ölkəyə, eləcə də bütün regiona ziyan vurur.
N.Qule vurğulayıb ki, Qətərlə bağlı Yaxın Şərqdə yaranmış böhranla yanaşı bu hücumlar da regionda ziddiyyətlərin artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb.