Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini öz aralarında və dialoq yolu ilə həll etməlidirlər. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalının yazılı bəyanatında deyilir.
İ.Kalın qeyd edib ki, hazırkı məqamda regionun sabitliyə və iqtisadi artıma ehtiyacı var və bütün regional ölkələr diqqəti bu prinsiplərə cəmləməlidir.
Türkiyə Qətər böhranının dialoq yolu ilə həll ediləcəyinə ümid edir. Bunu isə Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında çıxışı zamanı deyib.
B.Yıldırım qeyd edib ki, hazırda Türkiyə Prezidenti də bu böhranın həll üçün fəal diplomatik işə başlayıb: "Region ölkələri arasında dialoqa ehtiyac var".
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.