Qətər hakimiyyəti terrorçu qruplaşmalara bir milyard dollar həcmində ödəniş etdiyini təstiqləyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Financial Times” yazır. Xəbərə görə, deyilən məbləğ hakim ailənin İraqda ov zamanı terroristlər tərəfindən girov götürülən bir neçə üzvünün azad olunmasına dair sövdələşmənin bir hissəsi olub. Həmin sövdələşmənin bu ilin aprel ayında bağlandığı bildirilir.
Lakin bu arada “WikiLeaks” maraqlı açıqlama ilə çıxış edib. Özünün tvitter hesabında sayt keçmiş dövlət katibi Hillari Klintonun elektron məktublarını dərc edib. Həmin məkrublarda xanım Klinton “İslam dövləti” terrorçu qruplaşmasını maliyyələşdirdiyinə görə Qətər və Səudiyyə Ərəbistanı ilə mübarizə aparmağın vacibliyini qeyd edir. Maraqlıdır ki, sözügedən məktublar 2014-cü il avqustun 17-də yazılıb və onun seçki qərargahının başçısı Con Podesteyə ünvanlanıb. Məktublarda xanım Klinton qeyd edir ki, hazır regionda hərbi əməliyyatlar aparılarkən diplomatik və kəşfiyyat aktivlərini işə salıb Qətər və Səudiyyə Ərəbistanına maliyyə və texnika sarıdan İŞİD-ə yardım göstərdiyinə görə təzyiqləri artırmaq lazımdır. Lakin nədənsə, o zaman bu çağırış əks-səda verməyib və terrorun maliyyələşdirilməsi məsələsi bu gün üzə çıxır. Lakin o da var ki, hazırda məktubda terroru maliyyələşdirən ölkə olaraq adı çəkilən Səudiyyə Ərəbistanı da Qətəri həmin maddə ilə günahlandıran ölkələr sırasında yer alır.
Xatırladaq ki, iyunun 5-də məhz ilk olaraq Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir terroru maliyyələşdirdiyinə görə Qətərlə diplomatik əlaqələrini dayandırıb. Sonradan bu ölkələrin sırasına Liviya, Yəmən, Maldiv və Mavritaniya da qoşulub.