İsrail müdafiə naziri Aviqdor Liberman Qətər və bəzi ərəb ölkələri arasındakı böhranın İsrail üçün "böyük bir fürsət" olduğunu deyib. Baki-xeber.com xəbər verir ki, parlamentdə çıxış edən Liberman Qətərlə diplomatik əlaqələrini kəsən ölkələrə terrora qarşı iş birliyi təklif edib.
"Terror qorxusu ilə Qətərlə əlaqələrini kəsən ölkələr, İsrailə ərəb ölkələrilə radikal terrorçu qruplara qarşı iş birliyi qurmaq üçün böyük fürsət yaradıb. Ərəb ölkələri bu bölgədəki risqin İsrail deyil, terrorizm olduğunu anladı. Bu vəziyyət iş birliyi üçün bir fürsətdir" – deyə Liberman bildirib.
İsrailin Qətərlə əlaqələrini kəsən Ərəb ölkələrilə iş birliyinə açıq olduğunu bəyan edən Liberman, "indi top onlardadır (ərəb ölkələrində)" deyə bildirib.
Qeyd edək ki, Həmasın ən böyük dəstəkçiləri arasında yer alan Qətər, hərəkatın liderlərinə də ölkədə sığınacaq verib.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Misir və Bəhreyn Qətərlə bütün diplomatik əlaqələrini kəsdiklərini bildiriblər. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn hava sahəsini də Qətərə bağlayıb və Qətər diplomatlarına 48 saat ərzində ölkələrini tərk etmək üçün vaxt verib. Qətərə qarşı diplomatik blokadaya Maldiv adaları və tanınmayan çevrilişçi general Xəlifə Hafterin dəstəklədiyi Liviya Tobruk hökuməti də qatılıb.