Almaniya Türkiyənin İncirlik hərbi hava bazasından çıxır. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyəyə səfərdən sonra Almaniya xarici işlər naziri Ziqmar Qabriel “Die Welt” qəzetinə açıqlamasında deyib.
Alman nazir bu həftə ya da gələn həftə İncirlik aviabazasından çıxacaqlarını qeyd edib: "Ziyarət baş tutmasa ordumuzun orada qalması mümkün deyil. Yekun qərar bu həftə, ya da gələn həftə veriləcək...".
Almaniya müdafiə naziri də son qərarın çərşənbə günü veriləcəyini bəyan edib.
Qeyd edək ki, Ankarada xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşən Z.Qabriel, problem həll edilməyəcəyi halda alman əsgərlərin İncirlikdən çəkilə biləcəyini demişdi.
Alman millət vəkillərinin İncirlik bazasını ziyarət edə bilməyəcəklərini, ancaq Konyadakı NATO bazasını ziyarət edə biləcəklərini deyən Çavuşoğlu isə "gələcəkdə ortaq addımlar atılsa, İncirliyi də ziyarət etmək mümkün ola bilər" deyərək, hazırda şərtlərin alman nümayəndə heyətinin ziyarəti üçün uyğun olmadığını ifadə edib.
M.Çavuşoğlu ilə birgə mətbuat konfransında Z.Qabriel, ölkəsində sığınacaq verilən FETÖ üzvlərinin Türkiyəyə qaytarılması mövzusunda razılığa gələ bilmədiklərini deyib.
Alman nazir, bu açıqlamalardan sonra görüş üçün Türkiyə Baş Nazirliyinə getməyə hazırlaşırmış. Ancaq Baş Nazirlikdən Binəli Yıldırımın Almaniyanın xarici işlər nazirilə görüşünün ləğv edildiyi bildirilib. Buna səbəb kimi isə baş nazirin sıx iş qrafiki göstərilib.