Donald Tramp fəaliyyətinin ilk həftələrində Rusiya ilə münasibətləri normallaşdırmağa hazır olub, lakin Barak Obama dövründən qalan administrasiya üzvləri və Dövlət Departamentinin əməkdaşları buna əngəl törədib. APA-nın xəbərinə görə, bu barədə “Yahoo! News” məlumat yayıb.
Məlumatda bildirilir ki, Trampın andiçməsindən sonra Ağ Evin yüksək rütbəli məmurları Obama dövründə tətbiq olunmuş iqtisadi sanksiyaların, ABŞ-da Rusiya diplomatik nümayəndəliklərinə məxsus binalardan istifadəyə qoyulan qadağanın ləğvi ilə bağlı Dövlət Departamentinə tapşırıqlar verib. Bu isə Dövlət Departamentin əməkdaşlarını narahat edib. Onlar Konqresə dərhal bu barədə məlumat verərək yeni administrasiyanın Rusiya ilə münasibətləri normallaşdırmasına imkan verməyən qanunlar qəbul etməyə çağırıblar.
Dövlət Departamentində ABŞ-nın sanksiya siyasəti üzrə sabiq baş koordinatoru Den Frid də Ağ Evin Rusiyaya qarşı birtərəfli qaydada sanksiyaları ləğv etməyi düşündüyünü açıqlayıb. O, yeni administrasiyanın ilk həftələrində hökumət məmurlarından sanksiyaların ləğvinə dair tapşırıqlar aldığını söyləyib. D. Frid öz növbəsində nüfuzlu demokrat Ben Kardin başda olmaqla, senatorlarla əlaqə saxlayaraq Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmasına dair qanunların qəbul edilməsinə çağırıb.
Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı və Donbasda separatizmin başlanmasından sonra ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Daha sonra Barak Obama administrasiyası ötən ilin sonunda 35 rusiyalı diplomatı ölkədən xaric edib, Nyu-York şəhəri və Merilend ştatında olan Rusiyaya məxsus yaşayış komplekslərinə girişi bağlayılb. Ağ Ev bu addımını Rusiyada amerikalı diplomatların sıxışdırılması ilə əlaqələndirib.