ABŞ-ın Türkiyənin etirazlarına rəğmən, Suriyada Rakka əməliyyatına hazırlıq məqsədilə silahlandırdığı YPG-nin İŞİD-lə gizli razılaşması olduğu ortaya çıxıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib. Nazir YPG ilə İŞİD-in Rakka ilə bağlı anlaşdığına dair əllərində məlumatlar olduğunu deyib.
"Müdafiə Nazirliyimiz də, YPG-nin Suriya qolu olan Suriya Demokratik Qüvvələrinin İŞİD-lə yaraqlılara Rakkadan çıxış üçün dəhliz açmaqla bağlı razılaşdığına dair məlumatı təsdiqləyir. Bu məlumat etibarlı mənbələrə əsaslanır. Məlumatı əldə etdiyimiz vaxt İŞİD Rakkadan Palmiraya doğru irəliləməyə başladı. Bu hərəkətliliyi aşkarlayan Rusiya ordusu İŞİD konvoyunu vurdu. Buna görə onlar Palmiraya çata bilmədi...
İŞİD yaraqlıları Suriyanın harasında görülürsə-görülsün, addım atacağıq. İstər yaraqlılar, istərsə bazaları, istərsə də təlim düşərgələri bizim hədəfimiz olacaq" - deyə Lavrov bildirib.