Ötən həftə Brüsseldə keçirilən NATO dövlət və hökumət başçılarının zirvəsi ilə əlaqədar yeni iddia ortaya atılıb. Baki-xeber.com xəbər verir ki, NATO-nun növbəti sammitinin İstanbulda keçirilməsi təklifi etirazla qarşılanıb.
“Die Welt” iddia edir ki, 2016-cı ildə Varşavada keçirilən zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan liderlərə, 2018-ci ildə NATO zirvəsinin İstanbulda keçirilməsini təklif edib. Həmin vaxt Varşavada bu təklifə isti baxılsa da, bu il Brüsseldə keçirilən sammitdə üzv ölkələrin bir qismi 2018-dəki sammitin İstanbulda keçirilməsinin əleyhinə olduğunu bildirib.
Məlumata görə, alyans daxilində Almaniya, Fransa, Hollandiya və Danimarkanın da aralarında olduğu bir neçə ölkə, NATO zirvəsinin İstanbulda keçirilməsinə qarşı çıxıb.
Mövzunun ötən həftə Brüsseldə keçirilən sammitdə gündəmə gəldiyi və NATO-da olan 18 Avropa Birliyi ölkəsi ilə Kanadanın İstanbul zirvəsi fikrinə isti baxmadığı bildirilir.
2018-ci ildəki NATO zirvəsinin Brüsseldəki NATO qərargahında keçirilməsi gözlənilir, bu barədə son qərar iyunda Alyansın Müdafiə Nazirləri Şurasının iclasında veriləcək.