Yunanıstanda sabiq baş nazir Lukas Papadimosun avtomobili partladılıb. Baki-xeber.com xəbər verir ki, hadisə Yunanıstanın paytaxtı Afinada baş verib.
Məlumata görə, Papadimosun içində olduğu avtomobil hərəkətdə olarkən partlayış olub. Partlayış nəticəsində ağır yaralanan Papadimos və avtomobildə olan 2 nəfər xəstəxanaya qaldırılıb. Sabiq baş nazirin sinəsindən və ayaqlarından yaralandığı bildirilir. Avtomobildə “Bank of Greece”nın iki əməkdaşı da olub.
Yerli mətbuatın yazdığına görə, partlayış Papadimos ona göndərilən bir zərfi açarkən baş verib. Afinanın mərkəzi prospektində baş vermiş partlayış nəticəsində Papadimosun zirehli avtomobilinin şüşələri sınıb.
Qeyd edək ki, Afinada bir müddət əvvəl bəzi dövlət təşkilatlarına və avropalı liderlərə çatdırılmaq üçün poçta verilmiş şübhəli paketlər ələ keçirilmişdi. Avropa liderlərinə paketlərin də Afinadan bir cinayətkar şəbəkə tərəfindən göndərildiyi müəyyən edilmişdi.
Onu da qeyd edək ki, Papadimos Yunanıstanın ağır durumda olduğu vaxtlar - 2011-ci ilin 11 noyabrından 2012-ci ilin 16 mayına qədər baş nazir vəzifəsində çalışıb.