NATO ABŞ-ın başçılıq etdiyi anti-İŞİD beynəlxalq koalisiyasına qoşulmaqla bağlı qərar qəbul edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə NATO-nun qarşıdakı sammitinin gündəliyində məlumat yer alıb. Məlumatda bildirilir ki, NATO hazırda Türkiyədəki hərbi bazadan idarə olunaraq Suriya və İraq səmalarında keşik çəkən kəşfiyyatçı AWACS təyyarələrinin missiyasının genişləndirilməsinə razılıq verib. Beləliklə, bundan sonra AWACS-lar koalisiya təyyarələrini, planlaşdırılan ərazilərin bombalanmasından başqa, bütün hallarda “İslam dövləti” terrorçu qrupunu vurmaq üçün istiqamətləndirə biləcək. Brüsseldə razılaşdırılan bu plan hələlik NATO ölkələrinin cihadçılarla birbaşa hərbi toqquşmasını istisna edir. Diplomatlardan birinin sözlərinə görə, bu plan rəsmi şəkildə Brüsseldə NATO ölkələri başçılarının toplantısında təsdiq olunacaq. Xəbərə görə, ABŞ prezidenti Donald Tramp ilk dəfə NATO toplantısında iştirak edəcək və alyansın beynəlxalq terrorizmlə daha genişmiqyaslı mübarizə aparması da onun istəyidir.
Xatırladaq ki, İŞİD-ə qarşı beynəlxalq koalisiya 2014-cü ildə yaradılıb. Onun tərkibinə 68 ölkə daxil olub ki, onlardan 28-i NATO ölkəsidir. Bununla belə, alyans indiyə kimi koalisiyada vahid blok halında təmsil olunmurdu. Səbəblərdən biri isə bir sıra ərəb ölkələrinin buna qarşı çıxması idi.