İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı terror aktı törədənin kimliyi bəlli olub.
Bai-xeber.com-un xəbərinə görə, bu, 22 yaşlı Salman Abedidir. Bu barədə Mançester böyük qraflığının polis idarəsinin başçısı Izn Hopkins açıqlama verib. Lakin Hopkins hələlik bundan artığını söyləyə bilməyəcəyini deyib. O üzdən terrorçunun hadisəni təklikdə, yoxsa qrup halında törətdiyi sualı açıq qalır. Xəbərə görə, Hopkins bu açıqlamasını Britaniya Baş naziri Tereza Meylə görüşündən sonra verib.
Xəbərdə o da qeyd olunur ki, intiharçı Salman Abedinin adı daha öncə amerikan məmurlarının dilindən verilən açıqlamalarla KİV-də yer alıb. Həmin ərəfədə onun Londondan qatarla Mançesterə getdiyi xəbəri də mətbuat səhifələrinə çıxıb.
Xatırladaq ki, mayın 22-də Mançester şəhərinin “Mançester-Arena” stadionunda Amerika pop-ulduzu Ariana Qrandenin konserti zamanı terror aktı baş verib. Nəticədə 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Ardınca İŞİD terrorçu qruplaşması hadisənin məsuiyyətini üzərinə götürüb.