İstanbul polisi Bosfor boğazında Rusiya hərbi gəmilərinin keçidi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib. Trend-in məlumatına görə, buna səbəb İŞİD silahlıları tərəfindən gözlənilən terror təhlükəsidir.
Təhlükəsizlik tədbirləri çərçivəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərini Türkiyə sahil mühafizəsinin katerləri müşayiət edəcək. Həmçinin, Rusiya hərbi gəmilərinin keçidi zamanı İstanbul polisinin vertolyotları keşik çəkəcək.
Qeyd edək ki, Türkiyə Rusiyanın hərbi dəniz donanmasına aid gəmilərə qarşı terror aktları törədilə biləcəyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Türkiyə kəşfiyyatı İŞİD qruplaşmasının İstanbul (Bosfor) boğazından keçən Rusiya hərbi gəmilərinə qarşı terror aktları planlaşdırdığı ilə bağlı məlumat əldə edib.
Məlumata əsasən hücumlar raket zərbələri vasitəsilə həyata keçirilə bilər. Məsələ ilə bağlı İstanbulun təhlükəsizlik orqanları boğaz yaxınlığında zərbələrin endirilə biləcəyi 146 mümkün nöqtədə müşahidə aparır. Boğazdan keçərkən Rusiya gəmilərini müşayiət etmək üçün helikopterlər və sahil mühafizəsinə aid əlavə katerlərdən istifadə olunması nəzərdə tutulub.