Almaniya ilə Türkiyə arasında ikinci İncirlik böhranı yaranıb. Baki-xeber.com xəbər verir ki, Türkiyə, bəzi almaniyalı millət vəkillərin İncirlik hərbi hava bazasını ziyarət etməsinə icazə verməyib.
Federal Məclis Müdafiə Komissiyasının rəhbəri Volfqanq Hellmiç və komissiya üzvlərindən ibarət bir heyət, alman əsgərlərilə görüşmək məqsədilə İncirlik bazasını ziyarət etmək üçün bir müddət əvvəl Türkiyədən icazə istəyib. Ancaq rəsmi Ankara onların bu tələbini rədd edib.
Türkiyənin bu qərarı verməsinin səbəbi kimi Almaniyanın "Fətullahçı Terror Təşkilatı"na (FETÖ) üzv olan türk hərbçilərə sığınacaq verməsi göstərilir. Qeyd edək ki, keçən həftə Almaniya Daxili İşlər Nazirliyi 15 iyul cevriliş cəhdindən sonra sığınacaq istəyən çevrilişçilərin hamısının müraciətlərinin qəbul edildiyini bəyan edib. Qərarın Türkiyə tərəfindən etirazla qarşılanmasına baxmayaraq Almaniyadan rəsmi heç bir açıqlama verilməmişdi. Ankaranın hazırkı "İncirlik" qərarının da bununla əlaqədar diplomatik bir sanksiya olduğu deyilir.
Federal Məclis Müdafiə Komisiyasının rəhbəri Volfqanq Hellmiç bu qərarın ardından Almaniya əsgərlərinin İncirlik bazasından çıxarılmasının vacibliyini dilə gətirib.
Türkiyənin Almaniya deputatlarının "İncirlik" bazasında olan alman hərbçilərinə baş çəkmələrinə icazə verməməsinə münasibət bildirən Angela Merkel də İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətində olduqlarını deyib. O, İordaniyanın "İncirlik" üçün alternativ ola biləcəyini qeyd edib.
“Reuters”ə məlumat verən bir Almaniya Müdafiə Nazirliyi sözçüsü isə alternativ kimi “ən yaxşı təklifi” İordaniyanın verdiyini ifadə edib
Qeyd edək ki, bu, Türkiyə ilə Almaniya arasında "İncirlik" bazası ilə bağlı yaşanan ikinci böhrandır. Belə ki, Almaniya parlamenti 2016-cı ilin iyununda da qondarma erməni iddialarını "soyqırım" kimi tanıyandan sonra, Türkiyə alman millət vəkillərinin İncirlikdəki əsgərləri ziyarət etməsinə icazə verməmişdi.
Almaniyanın İncirlik bazasında təxminən 250 əsgəri var.