ABŞ prezidenti Donald Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib ki, rəsmi Moskva Minsk razılaşmalarını yerinə yetirməlidir. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
“Prezident Tramp Suriyada münaqişəyə son qoymaq üçün birlikdə işləməyin vacibliyini vurğulayıb. Bəşər Əsəd rejimi və İranın təhdidlərinin qarşısının alınmasının vacibliyinə diqqət çəkib”, məlumatda qeyd olunub.
ABŞ prezidenti Lavrovla görüşdə Ukrayna mövzusuna da toxunub. O qeyd edib ki, ABŞ bu ölkədə münaqişənin həllində maraqlıdır və Rusiya Minsk razılaşması çərçivəsində öhdəliyini tam yerinə yetirməlidir.
“Tramp Yaxın Şərqdə və digər regionlarda münaqişələrin həllində Rusiya ilə daha geniş əməkdaşlığın mümkünlüyü barədə danışıb. Prezident həmçinin ABŞ və Rusiya arasında daha yaxşı münasibətlər qurmaq istədiyini vurğulayıb”, Ağ Evin məlumatında bildirilir.
Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında görüş iyul ayında, Almaniyanın Hamburq şəhərində baş tutacaq. Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Bu yaxınlarda prezidentlər arasında keçirilən telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşəcəklərini təsdiqləyiblər. Bu gün biz Reks Tillersonla görüşdə Suriya və digər məsələlərdə irəliləyişə nail olmaq və nəzərəçarpacaq nəticələrin əldə edilməsi məsələlərinə toxunduq”, deyə S.Lavrov vurğulayıb.
Bu arada, ABŞ prezidenti Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra sabiq dövlət katibi Henri Kissincer ilə görüşüb. Bu barədə ABŞ prezidenti özü bildirib.
“Mən Henri Kissincerlə Rusiya və bir sıra digər məsələləri müzakirə etmək üçün görüşdüm”, deyə D.Tramp vurğulayıb.
Qeyd olunur ki, H.Kissincerlə görüş Trampın qrafikində olmayıb.
Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ-ın xarici işlər naziri Reks Tillerson və prezident Donald Trampla görüşüb. Bu görüş, Trampın prezident vəzifəsinə gəlməsindən sonra Rusiya ilə ən yüksək səviyyəli təmasıdır.
Suriyada 7 ildir davam edən vətəndaş müharibəsi dövründə daha çox önə çıxan Lavrov Vaşinqtona dörd il əvvəl səfər etmişdi.