ABŞ prezidenti Donald Tramp FTB-nin direktoru Ceyms Komini istefaya göndərib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ağ Evin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, dünən Donald Tramp FTB-nin direktoru Ceyms Komiyə onun səlahiyyətlərinin dayandırılması və istefaya göndərilməsi barədə məlumat verib.
Qeyd edək ki, daha öncə Ağ Ev Kominin “öz səlahiyyətlərini icra etmək iqtidarında olmadığı” barədə açıqlama yaymışdı. Respublikaçı senator Con Makkeyn isə Trampın bu qərarını sərt tənqid edib və ABŞ Konqresində Kominin işini araşdıran xüsusi komissiyanın yaradılmasına çağırıb. Makkeyn deyib ki, Trampın son qərarı Rusiyanın 2016-cı ildə ABŞ-da president seçkilərinə müdaxiləsini təsdiqləyir və bu, Trampın həmin məsələni ört-basdır eləmək cəhdidir. Senator FTB rəhbərini işinin öhdəsindən layiqincə gələn peşəkar kimi xarakterizə edib.
Ceyms Komi Barak Obamanın kadrı sayılırdı və onun əmrilə 2013-cü ildə FTB-nin direktoru vəzifəsinə təyin olunmuşdu.