Fransada prezident seçkilərinə sayılı günlər qalmış namizədlər arasında ən şanslısı sayılan Emmanuel Makronun elektron poçtu hakerlər tərəfindən sındırılıb.
Bakı-xeber.com-un məlumatına görə, bu barədə onun seçki qərargahı açıqlama yayıb. Qərargahdan bildirilib ki, nəticədə Makronun rəhbərlik etdiyi “İrəli” partiyasına aid 9 GB həcmində yazışmalar açığa çıxıb. Lakin bu da son deyil. Şifrənin sındırılması ilə Makrona aid informasiyaların aşkara çıxması onun seçkiqabağı bəyannamədə göstərmədiyi əmlakı barədə məlumatların da gün üzünə çıxmasına səbəb olub. Belə ki, onun Kayman adalarında offşor hesablardan gələn gəlirləri, seçkiqabağı təşviqat üçün ayrılmış maliyyə ilə bağlı maxinasiyaları sübut edən sənədlər də ortaya çıxıb. Lakin Fransa ictimaiyyətinin diqqətini cəlb edən əsas məsələ onun kiməsə yazdığı “patronun üçün “k” almağı unutma” sözləri olub. Məsələ burasındadır ki, Makronun narkotik asılığı olduğu barədə ictimaiyyətdə söz-söhbətlər xeyli əvvəldən də olub. Əsas narkotik maddənin adının baş hərfinin “k” olması isə bunun narkotikə işarə olduğuna dair şübhələri bir qədər də qüvvətləndirib.
Eyni zamanda ortaya çıxan məktubda Makronun müxtəlif etirazçı qruplarla və polislə təmasları barədə informasiyalar yer alıb ki, bu da küçələrdə daha çox xaos yaradılması təşəbbüsü kimi qiymətləndirilib.
Lakin ekspertlərin fikrincə, ortaya çıxan nüansların seçkinin nəticələrinə təsir etməsi üçün çox gecdir.