Suriyada təhlükəsiz zonaların yaradılmasına dair əldə olunan razılaşma mayın bu gündən qüvvəyə mindi. Baki-xeber.com xəbər verir ki, razılaşma mayın 4-də Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə və İran arasında əldə olunub.
Tərəflər Suriyada 4 müxtəlif yerdə təhlükəsiz zonanın yaradılması ilə bağlı memorandum imzalayıb. Bu zonalar İdlib, Hums vilayətlərində, Quta şəhərində və Suriyanın cənubunda olacaq. Təhlükəsiz zonalar, gərginliyi azaltma bölgələri, yaşıl xətt kimi fərqli terminlərlə ifadə edilən bölgələr, memoranduma görə 6 ay ərzində qüvvədə olacaq. Bu müddət sözügedən 3 ölkənin razılaşması ilə uzadıla da bilər.
Rusiya Baş qərargah rəsmisi Stanislav Qasimaqomedov Suriyada təhlükəsiz zonaların yaradılmasını nəzərdə tutan memorandum pozulacağı halda buna sərt cavab veriləcəyini bəyan edib.
Təhlükəsiz zonalarında hər hansı pozuntu qeydə alınarsa araşdırılacağını deyən Qasimaqomedovun sözlərinə görə, bunun nəticəsinə görə, həmin tərəflərə cavab veriləcək: "Silahlı müdaxilə ilə də cavab veriləcəyi istisna edilmir".
Rusiyanın Astana müzakirələrində iştirak edən nümayəndəsi Aleksandr Lavrentyev isə, təhlükəsiz zonalarda ABŞ döyüş təyyarələrinin uçuşunun qadağan ediləcəyini deyib.
Rusiya Müdafiə Nazirliyi isə, ABŞ və müttəfiqlərinin mövqelərinin Suriyada yeni bir vəziyyət yaratdığını bəyan edib.
İngiltərənin “The Times” qəzeti Türkiyə əsgərlərinin İdlibdə irəliləyəcəyini yazır. Qəzetə mənbəyə istinadən yazır ki, razılaşmaya uyğun Türkiyə ordusu müxaliflərin nəzarətindəki bölgələrdə təhlükəsizliyi təmin etmək və Əl-Qaidə əlaqəli qruplara qarşı İdlibdə olacaq. “Times”ə görə, Əl-Qaidə əlaqəli Təhrir əl Şam təşkilatı İdlib vilayətindən uzaqlaşdırılacaq.
İmzalanan memorandum Suriyadakı müharibənin sona çatması üçün atılmış ən böyük addım kimi dəyərləndirilir.
TAHİR