ABŞ dövlət katibi Reks Tillerson İranı ölkəsi və regionun stabilliyi üçün ciddi hədə sayır.
Baki-xeber.com-un xəbərinə görə, jurnalistlərin “Həqiqətənmi Ağ Ev Dövlət Departamentini İrana qarşı daha sərt mövqe tutmağa vadar edir” sualına cavabında Tillerson bildirib ki, “Ağ Ev İrana ümumi fəaliyyət proqramı çərçivəsində yanaşmağı doğru hesab etmir və mən bu fikirlə razıyam”. Onun sözlərinə görə, İrana münasibətdə təkcə nüvə anlaşmasını deyil, ABŞ-ın bu ölkəyə qarşı olan bütün narazılıqlarını nəzərə almaq lazımdır. O xatırladıb ki, ABŞ İranı terrorizmin sponsoru sayır və o üzdən bu ölkəyə qarşı təkcə nüvə fəaliyyəti və terrorizmə dəstəklə bağlı deyil, həm də ballistik raketlər hazırlanması ilə bağlı sanksiyalar tətbiq edib.
Tillerson deyib ki, İrana qarşı sanksiyaların qaldırılması bu ölkə ilə ABŞ arasında hər şeyin yaxşı olduğu təəssüratı yarada bilər. Lakin iki ölkə arasında heç də hər şey yaxşı deyil.
Xatırladaq ki, 2015-ci ildə “altılıq” ölkələri arasında İranın nüvə proqramının tənzimlənməsi məsələsində ümumi razılıq əldə olunub və 2016-cı ilin yanvarından qüvvəyə minən həmin anlaşma əsasında BMT TŞ, ABŞ və Avroittifaq tərəfindən İrana tətbiq olunan iqtisadi sanksiyalar qaldırılıb. Lakin ABŞ İranın raket proqramı, insan hüquqları və Tehranın terrorizmə dəstək verməsi şübhələrilə bağlı sanksiyalarını hələ də qüvvədə saxlayır.