Ukraynanın Luqansk vilayətində ATƏT-in müşahidə missiyasına aid avtomobil partladılıb.
Baki-xeber.com-un xəbərinə görə, hadisə vilayətin Prişib kəndində baş verib. Hadisə nəticəsində missiyanın bir nümayəndəsi həlak olub, bir nəfər isə yaralanıb. Bu barədə missiyanın tvitter səhifəsində məlumat yayılıb. Tanınmamış “Luqansk Respublikası”nın rəhbərliyi hadisənin səbəbini ekipajın yolunu dəyişməsi ilə izah edib. Bildirilib ki, beynəlxalq təşkilatların diqqətinə dəfələrlə Ukrayna Silahlı Qüvvələri tərəfindən provokasiyaların ola biləcəyi ehtimalı çatdırılıb, lakin real təhlükə nəzərə alınmadığından faciə yaşanıb.
Ukrayna Radasının deputatı, daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun açıqlamasına görə, həlak olan missiya üzvü Britaniya vətəndaşı Cozef Stoundur. Yaralanan – kontuziya alan isə Almaniya vətəndaşı İva Qnelindir.
Geraşenko onu da deyib ki, ATƏT-in missiya üzvləri “total minalanmanın qurbanı olub”.