Fransa və İspaniya rəsmilərinin bildirdiyinə görə, Suriya prezidenti Bəşər Əsədin əmisi Rifat Əl-Əsədə məxsus milyonlarla dollar məbləğində aktivlər ələ keçirilib.
Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, prokurorlar yarım milyard dollar məbləğindəki əmlakın 1980-ci illərdən Suriya dövlətinə məxsus pullar hesabına əldə edildiyini guman edir. Hazirda Bəşər Əsədin əmisinin Londondakı əmlakının dondurulması üçün Britaniyaya təzyiqlər artır.
Opponentləri Rifat Əl-Əsədi 1982-ci ildə Suriya ordusunun “Müsəlman Qardaşları”nın üsyanını yatırmaq üçün Hamada törədilən qırğında iştirak etməkdə ittiham edir. Lakin o, bu ittihamı rədd edib.
Qardaşı, sabiq prezident Hafiz Əl-Əsədə qarşı uğursuz çevriliş cəhdindən sonra Rifat Əl-Əsəd Avropaya sürgün edilmişdi.
Britaniya-Ərəb universitetindən Kris Doyl: “Artıq 30 ildir Suriya rejiminin sabiq vitse-prezidenti, 1982-ci ildə Hamada on minlərlə insanın vəhşicəsinə öldürülməsində yaxından iştirak edən Rifat Əl-Əsəd Suriyadan götürdüyü çirkli pullarla Avropada rahat həyat sürür”.
Mümkündür ki, bu belə davam etməsin. İspaniya polisi keçən həftə sabiq vitse-prezidentə və onun ailəsinə məxsus evlərdə reydlər keçirib. Məhkəmələr bu ailəyə məxsus 740 milyon dollar məbləğindəki 500 əmlakın müsadirə edilməsinə dair qərar çıxarıb. Müstəntiqlər indiyə qədər Rifat Əl-Əsədin dövlət fondundan 330 milyondan çox dollar xərclədiyinə inanır.
Rifat Əl-Əsədin ailəsi bəyanatla çıxış edərək, heç vaxt Suriya xalqına məxsus pullardan istifadə etmədiyini bildirib. 2013-cü ildə Fransada aparılan təhqiqat zamanı Rifat Əl-Əsədin oğlu Sivar Əl-Əsəd atasını Səudiyyə Ərəbistanının imkanlı adamlarının maliyyələşdirdiklərini demişdi. “Bu pullar dostlardan, Rifat Əl-Əsədin müxalifət hərəkatını dəstəkləyən dostlarından gəlib.”
Rifat Əl-Əsədin Londonun Meyfair məhəlləsindəki evinin qiyməti 12 milyon dollardır. Əleyhdarları Britaniyanın da İspaniyanın atdığı addımı atmasını, Rifat Əl-Əsədə məxsus əmlakı müsadirə etməsini istəyir. “Ölkəsi əziyyət çəkdiyi bir vaxt, Rifat Əl-Əsəd milyardlar xərcləyərək, kef edə bilməz” deyə, Kris Doyl bildirir.