"Moskva, Tehran və Dəməşq Suriyada terrorçuluğa qarşı birgə mübarizəni davam etdirəcək". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Suriyanın xarici işlər naziri Valid Muallem iranlı və rusiyalı həmkarları ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Mən Rusiya və İrana verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Suriya torpağını terrorçulardan təmizləməyə davam edəcəyik", - deyə Suriya XİN başçısı vurğulayıb.
V. Muallem qeyd edib ki, Dəməşq zəhərləyici maddələrdən istifadə etmir. “Dəfələrlə bəyan etmişik ki, bizdə kimyəvi silah yoxdur. Buna Kimyəvi silahların qadağan olunması üzrə Təşkilatı da şahiddir. Han-Şeyhunda baş verənlər qurama aksiyadır. Suriya hərbi hava qüvvələri Han-Şeyhunda kimyəvi silahla heç bir hədəfi vurmayıb. Biz terrorçulara və öz xalqımıza qarşı kimyəvi silahdan istifadə etmirik. Harada və nə vaxta baş verməsindən asılı olmayaraq kimyəvi silahdan istifadəni qınayırıq. Məhz buna görə də Han-Şeyhunu və Şayrat aviabazasını ziyarət edəcək eynəlxalq ekspert qrupunun formalaşdırılmasını tələb edirik. ABŞ və müttəfiqləri belə komissiyanın yaradılmasından niyə qorxurlar? Niyə bu komissiyanın formalaşmasına qədər təcavüz aktına imza atdılar? ABŞ-ın zərbələrinə heç cür haqq qazandırmaq olmaz".
"Moskva, Dəməşq və Tehran ABŞ-ın Suriyaya raket zərbələrini təcavüz aktı kimi qiymətləndirib". Bunu isə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Üçtərəfli formatda dialoq artıq ənənə halını alıb. Görüşdə ABŞ-ın hərbi aerodroma raket zərbələrindən sonra Suriyada yaranan vəziyyəti müzakirə etdik. Mövqelərimizi bir daha təsdiq etdik, mövqeyimiz eynidir. Bu mövqe ondan ibarətdir ki, ABŞ beynəlxalq hüququn prinsiplərini və BMT nizamnaməsini kobud şəkildə pozub", - deyə Rusiya XİN başçısı söyləyib.
Lavrov bildirib ki, Rusiya, Suriya və İranın Suriyada kimyəvi silah hücumu ilə bağlı insidentin Kimyəvi silahların qadağan olunması üzrə Təşkilat (OPCW) tərəfindən diqqətli araşdırılmasına təkid edir.
Rusiya XİN başçısı ABŞ-ın raket zərbələrinin Suriyada sülh prosesini pozmağa və hakimiyyəti dəyişməyə istiqamətləndiyini bildirib. O, ABŞ-ın cəhdlərinin uğurla nəticələnməyəcəyini söyləyib: "Bu aksiya açıq-aydın Suriyada hakimiyyəti devirmək üçün bəhanə axtarmağa istiqamətlənib. Bu cəhdlər uğurla nəticələnməyəcək. Rusiya BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələblərinin, o cümlədən Suriyanın ərazi bütövlüyünə və suverenliyinə ciddi hörmət edilməsinə təkid edəcək. Hamıya məlumdur ki, beynəlxalq hüququn pozulması qəbuledilməzdir".