İordaniya Suriyanın cənubunda Azad Suriya Ordusu ilə birgə İŞİD-ə qarşı əməliyyat keçirməyə hazırlaşır. İddialara görə, İngiltərə və ABŞ da əməliyyata dəstək verəcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Ərəb mətbuatı xəbər yayıb.
“Al Jazeera” İngiltərə mərkəzli ərəbcə nəşr edən “El Arabi El Cedid” qəzetinə istinadən yazır ki, əməliyyatların əsas məqsədi Rakka əməliyyatı başlayandan sonra İŞİD yaraqlılarının İordaniyaya keçidinin qarşısını almaqdır... Digər tərəfdən, hazırda o bölgədə olan İŞİD-lə əlaqəli qrupları sərhəddən kənarlaşdırmaqdır.
İordaniya Suriyanın cənubunda yerləşən və xüsusilə özünün təlim keçdiyi Azad Suriya Ordusu (OSO) döyüşçülərini, Rakka əməliyyatı zamanı İŞİD-in bölgəyə gözlənilən hücumuna qarşı hazır vəziyyətə gətirmək istəyir. Əmman bu qrupların köməyi sərhəd bölgəsində olan İŞİD-lə əlaqəli Xalid Bin Velid Ordusunu da bölgədən çıxarmağı planlaşdırır.
Artıq bununla bağlı son iki gündə Suriyanın cənubundakı OSO döyüşçülərinin bəzi komandirləri İordaniyaya çağırılıb və ABŞ-ın da iştirak ertdiyi görüşlər keçirilib. Əməliyyatın nə vaxt və nə şəkildə başlayacağı açıqlanmasa da hazırlığın son mərhələdə olduğu bildirilir.
İddialara görə, İngiltərə baş naziri Tereza Meyin keçən həftə İordaniyaya səfəri və bundan əvvəl İordaniya Kralı İkinci Abdullahın ABŞ-a səfəri də məhz bununla bağlı olub. Çünki, İordaniyanın OSO ilə birgə əməliyyatına ABŞ və İngiltərənin də hava dəstəyi verəcəyi barədə məlumatlar var.