ABŞ prezidenti Donald Trampın oğlu Erik bacısı İvankanın Suriya HHQ-nin yerləşdiyi aerodromun vurulmasında atasına təsirindən danışıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Telegraph” qəzeti yazıb. Xəbərə görə, Erik Tramp deyib ki, İvanka Suriyada insanların kimyasal hücumla məhv edilməsindən “çox təsirlənib”. “İvanka 3 uşaq anasıdır və onun təsir qüvvəsi var. Mən əminəm ki, o bunun dəhşət olduğunu bildirib, bundan sonra da atam hərəkətə keçib”- deyə qəzet prezident oğlundan iqtibas gətirir.
Erik Tramp onu da qeyd edib ki, İvanka atasına adətən müsbət yöndən təsir edir, “çünki heç vaxt “yox” deməkdən çəkinmir”.
Xatırladaq ki, Suriyada kimyasal hücumun ardından ABŞ bu ölkənin hərbi bazasına 59 raket zərbəsi endirib.