Almaniyanın Dortmund şəhərində “Borussiya” Futbol Klubunun avtobusu yaxınlığında partlayış baş verib.
Baki-xeber.com-un xəbərinə görə, insident futbolçuların oteldən çıxaraq stadiona getməyə hazırlaşması anında yaşanıb. Belə ki, həmin ərəfədə “Borussiya” FK ilə “Monako” arasında dörddəbir final mərhələsində görüş keçiriləcəkdi. “Bild” qəzetinin yazdığına görə, partlayış nəticəsində bir nəfər xəsarət alıb. Qəzetin yazdığına görə, partlayıcı qurğular yolun kənarında kolluqların arasında yerləşdirilib. NTV kanalı isə avtobusun önündə 3 partlayıcı qurğunun işə salındığını, lakin onların gücünün az olduğunu xəbər verib.
“Borussiya”nın Baş direktoru Hans-Yoaxim Vatske jurnalistlərə açıqlamasında deyib ki, insidentin ardından komanda otelə qayıdıb və təhlükəsizlik səbəbindən sonrakı addımları barədə əlavə məlumat verməyəcəyini bildirib. Yalnız onu deyib ki, partlayış nəticəsində komandanın müdafiəçisi, 26 yaşlı ispan Mark Bartr xəsarət alıb.
“Borussiya”nın mətbuat xdməti komandaların görüşünün 12 aprelə ertələndiyini xəbər verib.