İspaniya Ali Məhkəməsi Suriya Prezidenti Bəşər Əsəd və ailəsi barəsində çirkli pulların yuyulması ittihamı ilə istintaqa başlanması haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bundan başqa, məhkəmə İspaniyada B.Əsəd və ailə üzvlərinə məxsus 691 milyon dollar dəyərində bir neçə evin müsadirə edilməsinə qərar verib.
Eyni zamanda B.Əsəd və ailəsi barəsində cinayət işinin açıldığı bildirilir.
Bu arada, İdlib Mülki Müdafiə Dəstəsinin üzvü Enes Barakat “Anadolu” agentliyinə açıqlamasında deyib ki, Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib (APA). O bildirib ki, Suriya ordusuna aid təyyarələr bu gün səhər saatlarında İdlibin cənubundakı Xan Şeyhun bölgəsinə hazırlanmasında zəhərli xlor qazından istifadə edilmiş bombalar atıb. Nəticədə 43 mülki şəxs ölüb, 215 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti uşaqlardır.
Qeyd edək ki, dünən gecə İdlibin El Habit bölgəsi də hücuma məruz qalıb. Nəticədə 20 mülki şəxs xlor qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.