“Wikileaks” yaydığı yeni gizli sənədlərə görə, ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı (CIA), haker hücumların mənşəyini kompüter kodları ilə gizləyərək, bunların Rusiya və Çinin fəaliyyəti kimi görünməsini təmin edir.
Baki-xeber.com xəbər verir ki, “Wikileaks” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə aid olduğunu iddia etdiyi 676 sənəd yayıb. Açıqlanan sənədlərə görə, CIA haker hücumlarını Rusiya, Çin, İran və Şimali Koreyanın fəaliyyəti kimi göstərir.
CIA-nın istifadə etdiyi “Marble” adlı proqramla bağlı məlumatları üzə çıxaran “Wikileaks” sənədlərində, bu proqramın virusları və haker hücumlarını gizlədiyi, tərkibində Çin, Rusiya, Koreya, Ərəb və Fars kod nümunələri olduğu bildirilir. Sözügedən, proqram vasitəsilə mənbənin dilini ingiliscə deyil, yuxarıda adları çəkilən digər ölkələrin dilləri kimi göstərmək mümkündür. Bunun nəticəsində isə, haker hücumlarının bu ölkələrin, ya da çox vaxt ərəbcə İŞİD və s. terror təşkilatlarının reallaşdırdığı nəticəsinə gəlinir. Yəni haker hücumlarının əsl mənbəyi gizlədilir və müxtəlif dillərdən istifadə edilərək, başqa bir ölkənin fəaliyyəti kimi göstərilir.
Bundan başqa, ABŞ seçkiləri və Orta Şərqdəki təşkilatlara silah satılması kimi fəaliyyətlərlə əlaqədar həyata keçirilən hüquqi proseslərin də bu yolla səhv istiqamətləndirildiyi iddia edilir.
Londondakı Ekvador səfirliyinə sığınan “WikiLeaks”in qurucusu Julian Assanj açıqlanan sənədlərin indiyə qədərki ən ətraflı ABŞ casusluq dosyası olduğunu deyir.