ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn ABŞ-da keçirilmiş prezident seçkilərinə rəsmi Moskvanın necə müdaxilə etməsi barədə ona məlum olanları and içərək danışmağa hazır olduğunu bildirib.
Flinn Rusiya ilə gizli danışıqların aparılması ilə bağlı yaranan qalmaqaldan sonra vəzifəsindən azad edilib. İfadə verməyin əvəzində isə Flinn ona qarşı cinayət işinin qaldırılmamsını tələb edib.
"General Flinnin danışmaq istədiyi müəyyən şeylər var və şərait imkan verərsə o bu barədə danışmağı çox istəyir. Ağılı olan heç bir insan belə bir siyası mövzuda ədalətsiz mühakimədən müdafiə təminatı almadan ifadə verməz", - deyə keçmiş müşavirin vəkili Robert Kelner bildirib.
ABŞ Senatında rusiyalı hakerlərin prezident seçki kampaniyasına necə müdaxilə etməsinə dair dinləmələr başlanıb. ABŞ Senatının kəşfiyyat komitəsinin sədr müavini Mark Uorner Rusiya rəhbərliyini ABŞ-da keçirilən prezident seçkilərinin gedişatına müdaxiləyə cəhddə ittiham edib.
"Biz inkişaf etmiş və bacarıqlı rəqibə qarşıyıq ", - deyə respublikaçı senator Riçard Burr Rusiyanın seçkilərə mümkün müdaxiləsini belə şərh edib.
Senatın təhqiqatı o cümlədən aşağıdakı suallara cavab verməlidir: Rusiyanın kiberfəallığı və ya ABŞ-a və müttəfiqlərinə qarşı yönəlmiş digər mümkün hərəkətləri olubmu? Hansısa məxfi məlumatlar sızdırılıbmı?
Maykl Flinn ABŞ prezidenti Donald Trampın təhlüəsizlik üzrə keçmiş müşaviridir. Bu ilin fevral ayında istefa verən Flinn Rusiyanın səfiri Sergey Kislyakla ötən ilin dekabrında görüşməsi barədə hökumətə yalan məlumat verdiyini etiraf edib. Flinn həmkarlarına Rusiya səfiri ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının ləğvini müzakirə etdiyini deməyib. Daha sonra FTX-nin apardığı istintaq zamanı da bunu etiraf etməyib.
Flinnlə yanaşı Rusiya ilə gizli əlaqələrdə ABŞ-ın baş prokuroru Jeff Sessions da ittiham olunub. Lakin Session ittihamların əsassız olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putin isə ölkəsinin ABŞ seçkilərinə müdaxiləsi iddialarına Arxangelsk şəhərində keçirilən Arktik Forumunda zarafatlı bir şəkildə cavab verib. Putin "Reyqan vergilər mövzusunda bir mübahisədə amerikalılara bunu demişdi. Dodaqlarımı oxuyun Xeyr!" deyə bildirib.