ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin vəzifəsindən getməsi daha ABŞ üçün prioritet sayılmır.
Səfir Nikki Haley jurnalistlərə "biz əvvəlki administrasiyasının etdiyi kimi diqqətimizi Əsədə yönləndirməyəcəyik", deyib.
Əvvəlki ABŞ prezidenti Barak Obamanın hakimiyyəti dövründə ABŞ Bəşər Əsədin getməli olduğunu deyib və ona qarşı mübarizə aparan üsyançıları dəstəkləyib.
BBC yazır ki, xanım Haley ABŞ-ın bir müddətdir davam edən siyasətini açıqca etiraf edib. Obama administrasiyasının Suriyada son bir ildəki əsas prioriteti özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı döyüşmək olub. Və Rusiyanın faktiki olaraq Əsədin hakimiyyətinin möhkəmləndirilməsi üçün 2015-ci ildə müharibəyə daxil olması onu sıxışdırmaq üçün Vaşinqtonun müxalifətə yardım şansını bağlayıb.
Türkiyəyə səfəri zamanı çıxış edən ABŞ dövlət Katibi Reks Tillerson deyib ki, Bəşər Əsədin uzunmüddətli gələcəyinə "Suriya xalqı tərəfindən qərar veriləcək".
Suriya müxalifətinin nümayəndəsi isə xanım Haleynin çıxışını "uğursuz" adlandırıb və əlavə edib ki, amerikalı nümayəndələr buna "zidd mesajlar" göndərir.
Prezident Donald Tramp Suriya vətəndaş müharibəsi zamanı öz hərbi gücü ilə Əsədi dəstəkləyən Rusiya ilə daha sıx işləməyə söz verib.