Rusiya prezidenti Vladimir Putin ölkədə ötən bazar günü korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarına münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Arxangelskdə keçirilən Arktika Forumunda çıxış edən V. Putin korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarı olduğunu söyləyib: "Mən şəxsən korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarıyam və bu problemlərə insanlar tərəfindən diqqəti hər zaman müsbət qəbul edirəm”.
Bununla yanaşı, V. Putin sanksiyalaşdırılmamış etiraz aksiyalarından kiminsə seçki öncəsi təbliğat məqsədilə istifadə etməsini yolverilməz adlandırıb: “Mən hansısa siyasi qüvvələrin hansısa siyasi hadisələr, o cümlədən ölkə daxilindəki seçki kampaniyaları ərəfəsində öz maraqları və siyasi səhnədə “raskrutkası” naminə bu üsuldan istifadə etməsini düzgün saymıram”.
Rusiya prezidenti qeyd edib ki, sanksiyalaşdırılmamış etiraz aksiyaları “ərəb baharı”na və Kiyevdə hakimiyyətin dəyişməsinə gətirib çıxarıb: “Bu hadisələrin bizim qonşumuzu, Ukraynanı hansı xaosa düçar etdiyini yaxşı bilirik”.
”Rusiya ilə ABŞ arasındakı diplomatik münasibətləri pozmaq cəhdləri məsuliyyətsizlik və yanlışlıqdır”. Bunu da Rusiya prezidenti deyib.
”Biz diplomatik münasibətləri tamamilə kəsmək istəyirik? 60-cı illərə, Karib böhranına qədərki vəziyyətə gətirib çıxarmaq istəyirik? Bəs bundan sonrası nə olacaq?” - deyə Rusiya dövlət başçısı münasibətlərin pozulmasının Amerika xalqının əksəriyyətinin marağında olmadığına əminliyini bildirib.
V. Putin Rusiyanın ABŞ-a müharibə etmək deyil, əməkdaşlıq münasibətləri qurmaq istədiyi nəhəng dövlət kimi yanaşdığını vurğulayıb: “Ümid edirəm ki, Moskva və Vaşinqton Suriya və Ukraynadakı münaqişələrin nizamlanması, eləcə də Arktika və kosmos məsələləri ilə bağlı əməkdaşlığa nail olacaq”.
Rusiya prezidenti ABŞ-dakı seçkilərə müdaxilə etdikləri yönündə ittihamları qətiyyətlə rədd edib. O, ABŞ-dakı antirusiya əhval-ruhiyyəsini bəzi siyasi qüvvələrin öz mövqelərini möhkəmləndirmək cəhdi kimi qiymətləndirib.