Rusiya ilə Tramp komandasının əlaqələri barədə iddiaları araşdıran ABŞ-ın parlament komitəsi prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşneri sorğu-sual edəcək.
Ağ Ev bildirir ki, Kuşner Senatın Kəşfiyyat Komitəsinə könüllü şəkildə danışmaq istədiyini bildirib.
Parlament komitəsi ötən ilki prezident seçkilərinə Rusiyanın müdaxiləsilə bağlı iddiaları araşdırır. ABŞ kəşfiyyat qurumları hesab edir ki, Rusiyanın kibermüdaxiləsi Hillari Klintonun məğlub edilməsi niyyəti ilə həyata keçirilib. Rusiya iddiaları rədd edir, Donald Tramp isə onları "saxta xəbər" kimi dəyərləndirib.
Rusiya ilə iddia edilən əlaqələr üzrə iki parlament araşdırması davam edir. Daha bir təhqiqat FTB tərəfindən aparılır.
Bu arada demokratların nümayəndələri araşdırmaya başçılıq edən Senat Kəşfiyyat Komitəsinin rəhbəri Devin Nunesin istefasına çağırırlar. Demokratların lideri Nensi Pelosi hesab edir ki, Donald Trampın mümkün izlənilməsi barədə bəyanatdan əvvəl Devin Nunesin gizli şəkildə Ağ Evə baş çəkməsi araşdırmanın mötəbərliyinə kölgə salır.
Nunes deyir ki, o Ağ Evə məxfi mənbənin verdiyi məlumatla tanış olmaq üçün getmişdi.
Rəsmilər New York Times qəzetinə bildiriblər ki, Senat komitəsini Rusiya rəsmilərilə təşkil edildiyi deyilən iki görüş maraqlandırır.