"Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı xalqlarımızın rifahına xidmət edir". APA-nın Moskva müxbiri xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O, üçtərəfli formatda əməkdaşlığın davam etdiriləcəyini bildirib.
İran prezidenti rusiyalı həmkarı ilə görüşdə Xəzərin hüquqi statusuna dair Konvensiyasının hazırlanması ilə bağlı sənədlərə yenidən baxdıqlarını deyib.
V. Putin də Xəzərin statusu məsələsinə toxunub: “Görüşdə bu il Astanada keçiriləcək Xəzəryanı ölkə başçılarının V sammitində Xəzərin hüququ statusu ilə bağlı Konvensiyanın hazırlanmasının tez bir zamanda başa çatdırılmasının məqsədəuyğunluğu qeyd olunub”.
“Rusiya və İran beynəlxalq tranzit marşrutlarının ikitərəfli və çoxtərəfli ticari-iqtisadi əməkdaşlıqda əhəmiyyətli rolunu qeyd edir və “Cənub-Şimal” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində praktik addımların davam etdirilməsi niyyətlərini bir daha təsdiqləyirlər”. Bu barədə isə V.Putin və H.Ruhaninin görüşünün yekununda qəbul olunan bəyanatda deyilir.
Bəyanatda tərəflər Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin bu marşruta tez bir zamanda birləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd ediblər.
Tərəflər Xəzər regionunda sülh, stabillik və təhlükəsizliyin təmin olunması, gəmiçilik, tranzit və çoxmodullu yükdaşımaları, dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, su bioresurslarının mühafizəsi və idarəçiliyi, neft çirklənmələrinə qarşı mübarizə, o cümlədən ticarət, turizm və dəniz elmi araşdırmaları sahələrində çoxtərəfli əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Bununla yanaşı, hər iki prezident Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda sülh və stabilliyin möhkəmlənməsi üçün bu regionlarda siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı genişləndirməyə, həmçinin bu regionların ölkələrinin iştirakı ilə çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.
Bəyanatda o da qeyd edilir ki, Rusiya və İran Suriya münaqişəsinin siyasi-diplomatik yolla nizamlanmasının tərəfdarıdır. Bildirilir ki, Rusiya və İran Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını hesab edir: “Biz Suriya hakimiyyəti, ordusu və xalq müqavimət qüvvələrinin 6 il ərzində İŞİD, Əl-Nusra Cəbhəsi və onlarla əlbir olan digər terrorçu təşkilatlara qarşı mübarizəsini səyləri tam dəstəkləyirik”.
Bəyanatda Suriya münaqişəsinə dair Astanada danışıqların keçirilməsinə şərait yaradan Rusiya, İran və Türkiyənin birgə fəaliyyəti xüsusilə vurğulanıb. Qeyd olunub ki, həmin fəaliyyət nəticəsində Suriyada effektiv və davamlı atəşkəs rejiminə nail olunub. Tərəflərin qənaətinə görə, bu əməkdaşlıq BMT himayəsi altında Suriyaya dair keçiriləcək Cenevrə danışıqları yolunda vacib addımdır.
Putinlə Ruhani arasında görüşdən sonra Rusiya və İran hökumətləri arasında qrup şəklində turist səfərləri üçün vizasız rejimin tətbiq olunması barədə saziş imzalanıb.