“Respublikaçılar” partiyasından Fransa prezidentliyinə namizəd Fransua Fiyon 50 min avro qarılığında Livan milyarderi Fuad Mahsuminin Putinlə görüşünü təşkil edib.
Baki-xeber.com-un xəbərinə görə, belə bir xəbərlə bu ölkənin həftəlik “Le Canard Enchaine” nəşri çıxış edib. Xəbərə görə, Fiyona məxsus “2F Conseil” konsaltinq şirkəti livanlı biznesmenin “Future Pipe Industries” şirkətilə alış-veriş müqaviləsi imzalayıb. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransua Fiyonun sözügedən görüşün təşkilində rolunu qəti şəkildə təkzib edərək, bunu “növbəti qurama” adlandırıb – “Bloomberg” xəbər verir.
Daha öncə “Le Monde” qəzeti Milli maliyyə prokurorluğunun Fiyonu dələduzluqda şübhəli bildiyini yazıb. Eyni zamanda istintaqın gəldiyi qənaətə görə, onun və həyat yoldaşının sənəd saxtalaşdırdıqları ehtimal edilir.
Xatırladaq ki, namizədlər Fransua Fiyon və Marin le Pen sorğu nəticələrinə görə mərkəzçi Emmanuil Makrona uduzub. Onların əsas fikir ayrılıqları isə Rusiya ilə gələcək münasibətlər və Makronun “Putinlə yaxınlıqdan qaçmaq” çağırışı ilə bağlı olub.