Türkiyə Hollandiya ilə diplomatik qalmaqalla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) nota təqdim edib. Baki-xeber.com xəbər verir ki, notada Hollandiyada ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya və onu müşayiət edən diplomatik heyətə göstərilən davranışın Vyana Konvensiyasına zidd olduğu bildirilir.
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu tərəfindən BMT baş katibi Antonio Quterresə təqdim edilən notada nazir Kayanın 11 martda Rotterdamda Türkiyə Baş Konsulluğuna getməsi, konsul və türk vətəndaşları ilə görüşünün Hollandiya hüquq-mühafizə orqanları tərəfindən qarşısının alındığı qeyd edilir. Bildirilir ki, polis nazir və nümayəndələrin pasportlarını alıb.
Notada polisin güc tətbiq edərək diplomatik avtomobillərə müdaxilə etdiyi və nazirin polis mərkəzinə aparılaraq 90 dəqiqə burada saxlandığı, ardından da avtomobillə zorla Almaniya sərhədinə qədər aparıldığı qeyd edilir.
Türkiyənin Rotterdam Baş Konsulluğunun və digər personalın konsulluqdan çıxıb naziri qarşılamalarına icazə verilmədiyi qeyd edilən notada bildirilir ki, bu tədbirlər həm diplomatik nəzakət və beynəlxalq ümumi qaydalara ziddir, həm də Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasının pozulmasıdır.
Notada Türkiyənin digər diplomatlarının da polis idarəsinə aparılaraq bir neçə saat orada saxlanmasına diqqət çəkilir: “Sözügedən davranışlar Diplomatik Əlaqələr Haqqında Vyana Konvensiyasının 22, 26, 29 və 37-ci maddələri, Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasının 5, 34, 36, 40, 41 və 43-cü maddələrinin açıq pozulmasıdır”.
Notada BMT baş katibinə, Hollandiyanın bu davranışlarının BMT Baş Məclisinə təqdim edəcəyi hesabatında yer verməsi və bu pozuntuları ehtiva edən yazılı bildirişi ən qısa zamanda bütün ölkələrə çatdırılması tələb edilir.