Türkiyə-Niderland gərginliyini dəyərləndirən İngiltərənin “The Times” qəzeti Avropa ölkələrinin öz dəyərlərinə xəyanət etməkdə ittiham edib.
Baki-xeber.com xəbər verir ki, qəzet, türk nazirlərin mitinqlərini qadağan edən Avropa ölkələrinin ifadə azadlığı mövzusunda müdafiə etdiklərini iddia etdikləri dəyərlərdən uzaqlaşdıqlarını yazır. "Ərdoğan tərəfdarlarını susdurmaq Qərb dəyərlərinə xəyanətdir" başlıqlı yazıda qeyd edilir ki, dinc nümayişlər hər kəsin konstitsion haqqdır.
Avropa şəhərlərində Ərdoğanı dəstəkləyən mitinqlərin ləğv edilməsinin doğru olmadığına diqqət çəkən “The Times” yazır: "Bu addımla müdafiə etdiklərini iddia etdikləri dəyərlərdən uzaqlaşırlar. Qərb dövlətləri ifadə azadlığına sadiq qalmaq istəyirlərsə, tutarlı olmaları lazımdır. Putin tərəfdarı, Putin əleyhdarı; Kim Jonqun əleyhdarı, Kim Jonqun tərəfdarı, kim olursa olsun dinc nümayiş haqqı konstitsion bir haqqdır. Hollandiyadakı Mark Rutte hökuməti türk nazirləri deportasiya edərək təhlükəli bir yol tutdu. Bu hücum Avropa Birliyinin Türkiyəyə islahat çağırışlarının təsirini azaltdı. Türkiyənin əhəmiyyətli bir üzvü olduğu NATO daxilində gərginliklər artırmaqla yanaşı, türk mənşəli immiqrantların inteqrasiyası məsələsini daha da kompleks hala gətirdi".