Ermənistan prezidenti Serj Sarkisyan martın 10-da Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanı işdən azad edib. Sarkisyan başqa bir fərmanla bu vəzifəyə Vardan Toqanyanı təyin edib.
Bu barədə martın 10-da “Azadlıq radiosu”nun Ermənistan xidməti məlumat yayıb.
Mənbənin yazdığına görə, rusiyalı jurnalist Vladimir Solavyov bu günlərdə İrəvanda deyib ki, ermənistanlı səfir Oleq Yesayan ötən ilin aprelində Dağlıq Qarabağda gedən döyüşlər zamanı heç nə etməyib, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə həmin dövrdə çox fəal işləyib.
Yesayan isə Tert.am saytına şərhində 1 il ərzində Solavyovun ona qarşı yönəlmiş “monoloquna” məhəl qoymadığını deyib və jurnalisti açıq-aydın yalan danışmaqda günahlandırıb.
“Vestnik Kavkaza” saytı isə bu arada Tert.am-a istinadla yazır ki, yeni səfir Vardan Toqanyanın adı ofşor hesablar və şirkətlərlə bağlı “Panama sənədləri”ndə hallanır. Həmçinin Ermənistanın kütləvi informasiya vasitələri yazır ki, Toqanyan 2014-cü ildə almaz istehsalı ilə məşğul olan “Şoqakn” şirkətinin səhmdarı olub.