Avropa Parlamenti Fransa prezidentliyinə namizəd, “Milli cəbhə” partiyasının lideri Marine Le Peni deputat toxunulmazlığından məhrum edib. Bu barədə xarici informasiya agentlikləri məlumat yayıb.
Onun deputat toxunulmazlığından məhrum edilməsini Fransa prokurorluğu istəmişdi. Buna səbəb onun özünün Tvitter səhifəsində “İslam Dövləti” yaraqlılarına məxsus fotoları yayması olub. Söhbət , Marine Le Penin 2015-ci ildə Tvitterdə amerikalı jurnalist Ceyms Foleynin öldürülməsi də daxil olmaqla İslamçıların edam fotolarını yaymasından gedir. Marine Le Pen bununla, bu təhlükə ilə mübarizədə birləşməyə çağırsa da bir sıra hüquqşünaslar bunu zorakılığın təbliği kimi qiymətləndirirlər. Amma Marine Le Pen deputat toxunulmazlığından istifadə edərək prokurorluğun çağırışına məhəl qoymayıb.
Deputat toxunulmazlığının ləğvindən sonra Le Penə cinayət işi açılmasının yolu açılıb. Ona 3 il həbs və ya 75 min avro pul cəzası verilməsi nəzərdə tutulur. İstintaqın ilk mərhələsinin aprel ayında keçiriləcək prezident seçkisindən əvvəl yekunlaşacağı gözlənilmir.
Xatırladaq ki, Fransa baş naziri Bernard Cazeneuve daxili işlər naziri olduğu dövrdə yaraqlıların fotolarının yayılmasını terror qurbanlarının xatirəsinə hörmətsizlik kimi xarakterizə edərək onun barəsində cinayət işi açılması barədə iddia qaldırmışdı.
Parisin Nant bölgəsi prokurorluğu da Le Pen haqqında cinayət işi açaraq Avroparlament üzvünün toxunulmazlığının ləğv edilməsini tələb etmişdi.
Qeyd edək ki, Avropa Parlamentinin hüquq məsələləri üzrə komitəsi bundan əvvəl onun deputat toxunulmazlığından məhrum edilməsinə səs vermişdi. Marine Le Pen bu ittihamın siyasi motivli olduğunu bildirib və qeyd edib ki, Fransa hakimiyyəti siyasi məqsədlərinə çatmaq üçün məhkəmə sistemindən istifadə edir.
Hazırda Marine Le Penin həmçinin Avropa Birliyinə ayrılmış vəsaitdən düzgün istifadə etməməsi ilə bağlı da araşdırma aparılır. O, cangüdəni və rəfiqəsinə yalandan maaş yazmaqda şübhəli bilinir.
Fransada növbəti prezident seçkisi aprelin 23-ə təyin edilib. Rəy sorğularına görə Marine Le Pen seçkinin birinci mərhələsində qalib gəlsə də ikinci mərhələdə uduzacaq.