“Çiçəklənən Ermənistan” partiyasının deputatlığa namizədi Abram Adamyan bıcaqlanıb. İnsident Ararat vilayətinin Sayat-Nova kəndində qeydə alınıb. Bu barədə “Azadlıq radiosu”nun Ermənistan xidməti məlumat yayıb.
Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Naira Zohrabiyan bıcaqlayan şəxsin hakim “Respublika” partiyasının üzvü olduğunu bildirib.
Zohrabiyan ölkədə seçkiqabağı mübarizənin siyasi müstəvidən kriminal müstəviyə keçdiyini deyir.
Partiyanın Masis şöbəsinin rəhbəri Tigran Stepanyan Adamyanın xəstəxanada əməliyyat oldunduğunu deyib. Polis Masis xəstəxanasına 1 yaralı gətirilməsi xəbərini təsdiqləyib. Ararat vilayətinin qubernatoru Aramais Qriqoryan isə onların dost olduqlarını deyib.
Qeyd edək ki, aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək. Müxalifətdə olan keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş xarici işlər nazirləri Vardan Oskanyanla Raffi Ovanisyan seçkiyə bir blokda gedirlər. Blokun seçki siyahısına Ohanyan başçılıq edir.