Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra həbs edilən FETÖ üzvlərinin üzərindən çıxan, bugünədək bilinməyən 1 dollarların sirri açılıb.
Baki-xeber.com CNN Türk-ə istinadən xəbər verir ki, indiyə kimi haqqında müxtəlif nəzəriyyələr səsləndirilən 1 dollarların sirrini ittiam aktında adı keçən gizli şahid ifadələri açır.
Bildirilir ki, İstanbul Respublika Baş prokurorluğunun hazırladığı FETÖ dosyasında 1 dollarlarla bağlı xüsusi bölmə yer alır. Dosyada 1 dollarların sirri, adı gizli saxlanılan iki şahidin ifadələri ilə açıqlanır.
Sözügedən şahidlərin FETÖ-də yüksək səviyyəli vəzifələrdə yer aldığı və Fətullah Gülənlə görüşmək üçün tez-tez ABŞ-a getdikləri ifadə edilir. Gülən onlara 100, 50, 20 ABŞ dollar verərək, bunları xırdalayaraq tərəfdarlarına paylamalarını tapşırıb. Onlar isə, "bərəkət" və "xatirə" adlandırdıqları bu pulları, daha çox adama çatması üçün 1 dollara çeviriblər. İfadələrə görə, bu dollarlar sayəsində FETÖ-çülərin Gülənə bağlılıqlarının artırılması hədəflənirmiş.
Dosyada 1 dollarlarla əlaqədar başqa bir detal isə pulun qaynağına olan inancdır. FETÖ üzvləri bu dollarların Bediüzaman Səid Nursinin əsərlərinin müəlliflik hüququndan əldə edilən pullar olduğuna inanmış. Bu da FETÖ rəhbərlərinin, üzvlər arasında pulların mənəvi dəyərini artırmaq üçün işlərinə yarayırmış.