Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında (TŞ) Suriyada kimyəvi silah istifadə etdiyinə görə, Bəşər Əsəd rejiminə sanksiya tətbiq olunmasını nəzərdə tutan qərar layihəsinə veto qoyub.
Baki-xeber.com xəbər verir ki, rəsmi hesabatlara görə, Əsəd rejimi üç dəfə, İŞİD terrorçuları isə bir dəfə kimyəvi silahdan istifadə edib. Bu hesabatdan sonra hərəkətə keçən İngiltərə, ABŞ və Fransa Suriyada kimyəvi silah hücumlarına qarışdığı müəyyənləşdirilən rejimə sanksiya tətbiq olunmasını nəzərdə tutan layihə hazırlayıb.
Dekabr ayından davam edən müzakirələr və Rusiyanı razı salmaq üçün aparılan işlərin ardından BMT TŞ-nin səsverməsinə çıxarılan qərar layihəsinı Rusiya və Çin veto qoyub. Veto səlahiyyəti olmayan Boliviya layihənin əleyhinə, Efiopiya, Misir və Qazaxıstan isə bitərəf qalıb. 9 ölkə isə layihənin leyhinə səs verib.
Bununla Rusiya, Suriyada müharibə başlayandan indiyə qədər BMT TŞ-də 7-ci dəfə Suriya layihəsinə veto qoymuş oldu.
BMT TŞ-də bir layihənin qəbulu üçün 15 üzvdən ən az 9-u onu dəstəkləməlidir və daimi üzvlər Rusiya, Çin, ABŞ, Fransa və İngiltərə veto səlahiyyətindən istifadə etməməlidir. Əks halda layihə qəbul olunmayacaq.
Son Suruya layihəsində, 11 yüksək rütbəli suriyalı hərbçinin aktivlərinin dondurulması, bu şəxslərə səyahət qadağası tətbiq olunması, Əsəd rejiminə helikopter satışının qadağan edilməsi, kimyəvi silahların hazırlanması və istifadə edilməsilə əlaqəsi olan 10 təşkilatın adının qara siyahıya alınması nəzərdə tutulurdu.