ABŞ-da Demokrat Partiyanın prezident Donald Trampı vəzifədən uzaqlaşdırma planı hazırladığı iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə Russia Today (RT) televiziyası məlumat yayıb.
Demokrat Partiya üzvlərinin investorlarlar görüşündən sonra, strateji fəaliyyət planını hazırlayan David Brok bildirib ki, bu plan 2020-ci ilə qədər Trampa qarşı Senatda istintaq başladılması fürsəti verəcək.
Demokratlar, plan cərçivəsində Trampın bütün səhvlərini tənqid edəcəklər. Bu çərçivədə, prezidentin vəzifəsindən sui-istifadə etməsinə görə çox sayda məhkəmə iddiasının açılması da nəzərdə tutulur.
Məlumata görə, Demokratlar Trampın xarici ölkə liderlərilə əlaqələrini izləmək və rəhbərliyin hər addımını təqib edəcək böyük bir qrup yaratmağı planlaşdırır.
Planda yer alan əsas məqamlardan biri də prezidentə dəstək verən mühafizəkar mediaya qarşı mübarizə aparmaqdır. Demokratlar bu məqsədlə “Facebook”la da əməkdaşlıq etmək niyyətindədir. Plana görə, “Facebook” “arzuolunmaz” xəbərlərin yayılmasının qarşısının alınmasında qrupa köməkçi olacaq.
Demokratlar bu tədbirlər çərçivəsində 2018-ci ildə Senatda üstünlüyü əldə etməyi, sonra da Nümayəndələr Palatasında fəaliyyətlərini artırmağı planlaşdırır. Bu işlərdə uğurla həyata keçiriləcəyi halda növbəti addım kimi Trampa qarşı iş açılması planlaşdırılır.