Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın separatçı Donbas və Luqansk vilayətlərində verilən sənədləri tanıdığına görə Rusiyaya qarşı sanksiyaları kəskinləşdirməyə çağırıb.
“Beynəlxalq qanun baxımndan bu artıq həmin qanunsuz birləşmələrin tanınmasının elementi, faktiki Minsk sülh razılaşmasından imtina deməkdir.
Hesab edirik ki, bu çox təhlükəli bir şeydir və bu sanksiyaların gücləndirilməsinədək qəti hərəkət tələb edir”, deyə Poroşenko Kiyevdə Avropa Birliyinin humanitar məsələlər üzrə komissarı Xristos Stilianideslə görüşdən sonra bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fevralın 18-də Donetsk və Luqanskda daimi yaşayan Ukrayna vətəndaşları və vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlər və avtomobil nömrə nişanlarının Rusiya Federasiyasında tanınması barədə fərman imzalayıb.
Kremlin sözçüsü Dimitri Peskov bunun beynəlxalq qanunlara zidd olmadığını bəyan edib. Onun sözlərinə görə qərar humanitar baxımdan qəbul edilib.