Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın xüsusi xidmətini Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakın telefon söhbəti və fəaliyyətini daima güdməkdə günahlandırır..
Bu barədə RİA Novosti , TASS və digər Rusiya agentlikləri məlumat yayıb.
Lavrov qeyd edib ki, ABŞ rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flinn ətrafındakı qalmaqal səfirin kommunikasiya əlaqələrinə müntəzəm qulaq asıldığını təsdiqləyir.
Onun sözlərinə görə səfir Kislyakın Moskvaya verdiyi hesabatlara da qulaq asılırmış.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn fevralın 14-də vəzifəyə təyin edildikdən 24 gün sonra istefaya getməli oldu. Buna səbəb kimi, onun Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı bu ölkənin səfiri ilə danışıqlar aparması göstərilirdi.
ABŞ prezidenti isə özü və ya yaxın ətrafının Rusiya ilə əlaqələrini həmişə təkzib edib.