Sind vilayətində yerləşən Sufi məbədinə kamikadze hücumu nəticəsində 83 nəfərin ölümündən sonra Pakistan, Əfqanıstanın sərhəd vilayəti Nanqarhara 200 raket zərbəsi endirib.
Baki-xeber.com xəbər verir ki, Pakistanın cənubundakı Sind əyalətinin Sehvan şəhərində olan iranlı sufi alim Lal Şahbaz Qələndərin türbəsinə dünən axşam intihar hücumu olub. Partlayış nəticəsində 83 nəfər ölüb, 343 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Sufi türbəsini hədəf alan intihar hücumunun ardından ölkə daxilində geniş əməliyyat başladılıb. Keçirilən əməliyyatlarda 39 terrorçu zərərsizləşdirilib. Bundan başqa, müxtəlif şəhərlərdə 47 şübhəli saxlanıb.
Bəlucistan vilayətində isə hərbi konvoy bombaya tuş gəlib. 3 əsgərin öldüyü, 2-nin isə yaralandığı bildirilir. Ümumiyyətlə Pakistanda bu həftə intiharçı və digət hücumlar nəticəsində onlarla insan həyatını itirib, yaralanıb. Ən ağır hücum bazar ertəsi 14 nəfərin ölümü və 100-dən çox insanın yaralanması ilə Lahor şəhərində qeydə alınıb. Hücumların məsuliyyətini Taliban üzərinə alıb.
Rəsmi İslamabad terror hücumunun Əfqanıstan torpaqlarında planlaşdırıldığıni bildirir. Kabil isə bu iddiaları rədd edir. Son hadisədən sonra Pakistan Silahlı Qüvvələrinin sözçüsü general Asif Qafur, ölkədə olan əfqan diplomatlarını çağırdığını, Əfqanıstanda həbsdə olan 76 taliban yaraqlısının onlara təhvil verilməsini tələb etdiklərini deyib.
Dünən isə Pakistan Əfqanıstanın sərhəd vilayəti Nanqarhara təxminən iki yüz raket atıb. Məlumata görə, sərhəd nöqtəsinə yaxın Lalpur mahalı səhər saatlarından axşama qədər raket hücumuna məruz qalıb.
Pakistan həmçinin, Əfqanıstanla aralarındakı “Torkham” sərhəd keçid məntəqəsini də terror təhdidi səbəbilə müddətsiz olaraq bağladığını bildirib.