Avropa Birləşmiş Ştatların hərbi xərcləri artırmaqla bağlı tələblərinə boyun əyməməlidir. Bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker deyib. Onun sözlərinə görə, inkişaf və humanitar yardım da təhlükəsizlik deməkdir.
«Müasir siyasət təkcə hərbi xərcləri artırmaqdan ibarət olmamalıdır» - «Reuters» agentliyi AB rəsmisindən sitat gətirir.
NATO-ya daxil olan Avropa ölkələrinin hərbi xərcləri artırmasını ABŞ prezidenti Donald Tramp istəyib, əks halda ABŞ-ın NATO ilə bağlı öhdəliklərinin sual altında qalacağını deyib. Alyans xərclərinin 70%-ni Birləşmiş Ştatlar ödəyir.
Bu həftə Brüsseldə keçən toplantıda ABŞ-ın müdafiə naziri Ceyms Mattis deyib ki, NATO-dakı müttəfiqlər xərcləri artırmasalar, Birləşmiş Ştatlar quruma yardımını azalda bilər: «Bu, Amerikanın çoxdankı mesajıdır. Mən bizim bu məsələyə əhəmiyyət verməyimizin qəti əleyhinəyəm».
«Avropanın müdafiə məqsədilə nələr etdiyinə, üstəlik, inkişafa yardım, humanitar yardımla bağlı fəaliyyətinə nəzər salsanız, ABŞ-la müqayisənin fərqli təsir bağışladığını görərsiniz», – o, sözlərinə əlavə edib.
J. Yunker deyib ki, avropalılar müdafiə xərclərini daha yaxşı götür-qoy etməli, vəsaitlərini daha effektiv xərcləməlidirlər.
J. Yunker bəzi Avropa ölkələrinin Birləşmiş Ştatların tələbini yerinə yetirmək iqtidarında olmadığını da qeyd edib, deyib ki, məsələn, Almaniya ABŞ-ın tələbinə uyğun hərəkət edərək, ÜDM-nin 2%-i orduya xərcləsə, büdcəsində əlavə qalıq qalmayacaq.
«Amerikalı dostlarımızın bu təhlükəsizlik məsələsini hərbi xərclər səviyyəsinə endirməsi heç xoşuma gəlmir», – deyən AB rəsmisi müxtəlif komponentlərdən ibarət «müasir stabillik siyasəti» üzərində dayanmağın daha məqsədəuyğun olduğunu vurğulayıb.