Türkiyə ordusu "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsinə böyük miqyasda nəzarəti ələ alıb. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.
Qeyd olunur ki, artıq İŞİD terror qruplaşmasının bütün silahları susub.
Hazırda İŞİD-dən azad olunan ərazilərin minalardan təmizlənməsi işləri aparılır.
Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib ki, "Fərat qalxanı" əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək. Nazir qeyd edib ki, Əl-Baba nəzarət tamamilə ələ keçirilib, ərazidə təmizlik işləri aparılır: "Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək. Sırada Münbiç və Rakka bölgələri var".
F.İşıq hazırda Azərbaycanda səfərdə olan ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun sabah Türkiyəyə gələcəyini bildirib.