“Donald Trampın qaçqınların qəbulunun dayandırılması ilə bağlı fərmanı ekstremistlərə qarşıdır, sadə vətəndaşlara yox”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd Fransanın “Europe-1” radiostansiyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, fərman Qərbə keçmək istəyən terrorçulara qarşıdır: "Bu, artıq baş verib. Biz Avropada baş verənlərin şahidiyik. Məsələn, Almaniyada. Trampın məqsədi bu kimi insanların ölkəsinə gəlişini qadağan etməkdir”.
B. Əsəd bildirib ki, onun əsas qayğısı suriyalı qaçqınları ölkəsinə qaytarmaqdır, onların ABŞ-a getmələri yox: "Suriya vətəndaşlarının başqa ölkələrə getməsi məni sevindirə bilməz. Onların əksəriyyəti terrora və qərb ölkələrin tətbiq etdiyi sanksiyalara görə ölkəni tərk edir".
O, ABŞ prezidentini və digər qərb liderlərini tətbiq etdikləri embarqonu aradan qaldırmağa və terrorçuları dəstəkləməməyə çağırıb.
Qərbin Suriyanın gələcəyini suriyalıların əvəzinə müəyyən etmək hüququ yoxdur. Trend-in məlumatına görə, bunu da Bəşər Əsəd deyib.
B.Əsəd deyib: “Qərb Suriya üçün kimin daha yaxşı olacağını seçə bilməz: mən, yoxsa İŞİD. Bunu ancaq Suriya vətəndaşları edə bilər”.
Xatırladaq ki, D. Tramp bu il yanvarın sonunda İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, o, qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.