ABŞ-ın Gürcüstandakı səfirliyi Cənubi Osetiya regionunda planlaşdırılan referendumu legitim hesab etmir.
APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, səfirliyin bəyanatında bildirilir ki, bu kimi təxribatçı addımlar etimadın itməsinə və Cenevrə danışıqlarının əhəmiyyətinin azalmasına gətirib çıxarır: “ABŞ Gürcüstan hökumətinin razılığı olmadan Gürcüstan ərazisində keçirilməsi planlaşdırılan bu referendumun nəticələrini tanımayacaq. Abxaziya və Cənubi Osetiya Gürcüstanın ayrılmaz hissəsidir. Biz bir daha Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanımış sərhədlərini dəstəklədiyimizi bəyan edirik. ABŞ Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarındakı vəziyyətlə bağlı Cenevrə danışıqlarını dəstəkləyir. Bütün tərəfləri bu danışıqların əhəmiyyətini azaldacaq addımlardan çəkinməyə çağırırıq”.
Qeyd edək ki, Cənubi Osetiyadakı separatçı rejim aprelin 9-da “Cənubi Osetiya Respublikası” adının “Cənubi Osetiya Respublikası-Alaniya dövləti” adı ilə dəyişdirilməsi barədə referendum keçirilməsinə qərar verib.