ABŞ prezidenti Donald Trampın bəyan etdiyi kimi, Amerika Birləşmiş Ştatları İran sahillərində gəmilərdən ibarət armada toplayıb və İslam Respublikasına sarsıdıcı zərbə endirməyə hazırdır. Bu fonda Vaşinqton və Tehranın danışıqlar barədə razılığa gəldiyi barədə məlumatlar ümidverici bir əlamətdir. Tramp administrasiyası İranın qarşıdan gələn danışıqları təxirə salmaq tələbi ilə razılaşıb. Tehran danışıqların əvvəlcə planlaşdırıldığı kimi Türkiyədə deyil, artıq ABŞ-İran məsləhətləşmələri üçün məkan kimi xidmət edən Omanda keçirilməsində israr edib. Lakin rəsmilər iddia edirlər ki, İran tərəfi gözlənilən əlaqələrin formatını tamamilə dəyişdirməyə çalışıb. Məsələn, artıq nüvə proqramından kənar məsələləri müzakirə etməkdən imtina edib. İran həmçinin regional vasitəçilər olmadan danışıqlar prosesi axtarır.
"Axios" nəşrinin mənbələri Ağ Evin İran danışıqlar nümayəndə heyəti ilə gözlənilən görüşün yerinin dəyişdirilməsinə razılıq verdiyini təsdiqləyib. Onların sözlərinə görə, Tehranın bu yaxınlarda qəfil tələb etdiyi kimi, 6 fevrala planlaşdırılan məsləhətləşmələr indi Omanda keçiriləcək. Əvvəlcə danışıqların Türkiyədə və Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil olmaqla əsas regional güclərin iştirak etdiyi forum kimi müzakirə olunurdu. Lakin indi Yaxın Şərq vasitəçilərinin ümumiyyətlə dəvət olunub-olunmayacağı məlum deyil. İran rəhbərliyinin görüşün parametrlərini niyə bu qədər tez dəyişdirdiyi məlum deyil. Əmirliklərin "The National" nəşrindəki mənbələrə görə, Tehran görüşün mahiyyətini dəyişir: "İranlılar məsləhətləşmələrin gündəliyini, iştirakçılarını və yerini dəyişdirmək istəyirlər və əslində onlar indi tamamilə fərqli bir görüşdən danışırlar". Mənbə İran tərəfinin 6 fevralda keçirilməsi planlaşdırılan əlaqələri 2025-ci ilin iyun ayında 12 günlük müharibədən əvvəl dayandırılan ABŞ ilə Omanda "nüvə" məsləhətləşmələrinin davamı kimi təqdim etməyi planlaşdırdığını istisna etməyib. Tehranın görüşü Oman prosesinin davamına çevirmək istəyi, gündəmi dəyişdirmək istəyini də nümayiş etdirir. Əvvəlcə ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi tərəfindən müzakirə ediləcək əsas mövzuların İslam Respublikasının nüvə proqramı, uzun mənzilli ballistik raket proqramı və Yaxın Şərqdəki loyal silahlı qrupları dəstəkləmək planı olması gözlənilirdi. Lakin konsepsiya indi İranın tələbi ilə dəyişdiriləcək. Mənbə "The National" qəzetinə bildirib: "İndi İran yalnız nüvə məsələsini və yalnız ABŞ ilə müzakirə etmək istəyir". Öz növbəsində, regional mənbələrin Vaşinqtonda yerləşən "Al-Monitor" nəşrinə verdiyi məlumata görə, bu vəziyyət İranda etirazlar davam edərkən, yanvar ayı ərzində Ağ Evi Tehrana qarşı tammiqyaslı əməliyyat başlatmaqdan çəkindirməyə çalışan Yaxın Şərq vasitəçiləri arasında narazılığa səbəb olur.
Hələlik Tramp İran tərəfinin ciddiliyini sınamaq istəyir. O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: "İran hakimiyyəti nəyəsə nail olmaq istəyir. Görəcəyik ki, bu, alınacaqmı. Bir müddət əvvəl nəyəsə nail olmaq üçün fürsətləri var idi, amma bu, alınmadı Və biz “Gecəyarısı Çəkic” həyata keçirdik. Düşünmürəm ki, onlar təkrarlanmaq istəyirlər".
Lakin Tehran danışıqlara hazır olduğunu bildirməklə yanaşı, Vaşinqtonun hərbi qırmızı xətlərini də sınaqdan keçirir. ABŞ bildirib ki, İran bu yaxınlarda iki dəniz təxribatı törədib. ABŞ-ın məlumatına görə, birinci hadisə İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qayıqları Hörmüz boğazı yaxınlığında ABŞ bayrağı altında üzən tankeri mühasirəyə almağa cəhd edərkən baş verib. ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələrinin dəstəyi ilə gəmini müşayiət etmək üçün əraziyə gələn ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi qayıqları qovub. İkinci hadisədə isə "qeyri-müəyyən niyyətləri" olan İran pilotsuz təyyarəsinin "USS Linkoln" təyyarədaşıyan gəmisinin yaxınlığında uçması və vurulmasıdır.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins bildirib ki, İran pilotsuz təyyarəsi beynəlxalq sularda fəaliyyət göstərən ABŞ qüvvələri tərəfindən görülən deeskalasiya tədbirlərinə baxmayaraq, gəmiyə doğru uçmağa davam edib: "USS Lincoln" təyyarədaşıyan gəmisindən F-35 qırıcı təyyarəsi özünümüdafiə və gəmidaxili heyəti və qorumaq üçün İran pilotsuz təyyarəsini vurub. İranın beynəlxalq sularda və hava məkanında davam edən təqib və təhdidləri qəbuledilməzdir. İranın ABŞ qüvvələri, regional tərəfdaşları və kommersiya gəmiçiliyi yaxınlığında lazımsız təcavüzü toqquşma, səhv hesablama və regional qeyri-sabitlik risklərini artırır". "Axios" nəşrinin mənbələrinə görə, İranın dənizdə ABŞ-ın qırmızı xətlərini sınaqdan keçirmək cəhdləri Trampın İranla danışıqlar aparmaq istəyinə əhəmiyyətli dərəcədə təsir göstərə və Ağ Evi hərbi eskalasiyaya təhrik edə bilər. Vaşinqton Yaxın Şərqdə yeni bir əməliyyat üçün kifayət qədər qüvvə toplayıb. Lakin güclü tədbirlərin tənqidçiləri İslam Respublikasının rəhbərliyində real dəyişikliyə səbəb ola biləcək hərbi kampaniyanın daha çox güc tələb etdiyini bildirirlər. Buna görə də, İran hökumətinin əsas regional düşməni və İran siyasi sisteminin dağıdılmasının tərəfdarı olan İsrail də hər hansı bir hücuma qoşulmalı ola bilər. Bu arada isə ekspertlərin fikrincə, bu dəfə İranın "müqavimət oxu" adlanan b şəbəkə münaqişəyə qoşularaq Tehrana dəstək verə bilər. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidrza Əzizi deyir ki, iyundakı müharibədən fərqli olaraq İran bu dəfə ABŞ ilə mümkün münaqişəni mövcudluğuna birbaşa təhlükə kimi görür: "Bu o deməkdir ki, Tehran mövcudluğunu saxlamaq üçün həm öz hərbi imkanları, həm də "müqavimət oxu"nun asimmetrik potensialı hesabına bütün resurslarını səfərbər etməyə hazırdır". Onilliklər boyunca İran Yaxın Şərqdə öz şəbəkəsini formalaşdırıb, buraya daxil silahlı proksilərin, Tehranın dəstəklədiyi silahlı qrupların öz aralarında güclü bağı olmayıb. Şəbəkəyə Livanın "Hizbullah"ı, Yəməndəki husilər, İraqdakı iranmeylli silahlı dəstələr daxildir. Tehranın ABŞ-dən, əsasən İsraildən gəldiyi deyilən təhdidlərə qarşı çəkindirmə strategiyasının əsas elementi bu şəbəkə olub. Son illər bu ittifaqa ciddi zərbələr dəyib. Şəbəkədə İrandan savayı yeganə dövlət olan Suriyanın prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabrında devrilib. "Hizbullah" İsraillə bir il çəkən ağır müharibədən sonra xeyli zəifləyib; qrupun lideri Həsən Nəsrullah öldürülüb. Amma ekspertlərin fikrincə, döyüş qabiliyyətlərinin azalmasına baxmayaraq, bu şəbəkə ABŞ ilə münaqişə baş verərsə, İran üçün əlavə güc deməkdir. "Hizbullah"ın lideri artıq bildirib ki, qrup mümkün təcavüzə hazırlaşır, özünü müdafiə etməkdə qərarlıdır. Amma o, İran hücuma məruz qalarsa, necə hərəkət edəcəyini açıqlamayıb. Ekspertlərin fikrincə, uzun müddətdir İranın ən güclü proksisi olan "Hizbullah" hələ də ciddi təhlükədir. Yəməndə isə husilər ABŞ ilə ötənilki atəşkəs razılaşmasından çıxa biləcəkləri ilə hədələyiblər. Razılaşmaya görə, husilər Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə raket və dron hücumlarını dayandırmağa razılaşıb, ABŞ isə bunun qarşılığında qrupa hava zərbələrini sonlandırmağı vəd edib: Nyu-Yorkda yerləşən "Soufan Center" analitik mərkəzinin icraçı direktoru Kolin Klark deyib ki, İrana daha bir hücum vaxtı "müqavimət oxu" susarsa, bu, onun əhəmiyyətini itirməsi riskini yarada bilər: "Bu proksilər rejim üçün bir növ siqnal mexanizmi kimi yaradılıb, böhran vaxtı onlardan istifadə vacib görünür".
Nahid SALAYEV