İran region ölkələrini ABŞ-ın İrana mümkün hücumunun qarşısını almağa çağırıb. Rəsmi Tehran hökuməti ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini ABŞ İrana hücum edəcəyi təqdirdə onların ərazisindəki ABŞ bazalarına zərbə endirəcəyi barədə xəbərdarlıq edib.
“Reuters” agentliyinə danışan yüksək vəzifəli İran rəsmisi bildirib ki, Tehran region ölkələrindən ABŞ-ın İrana mümkün hücumunun qarşısını almağı istəyib.
İran rəsmisi bildirib ki, onlar Yaxın Şərqdəki ABŞ müttəfiqlərinə, Vaşinqton İrana hücum edəcəyi təqdirdə müttəfiq torpaqlarındakı ABŞ bazalarına zərbə endirəcəkləri barədə məlumat veriblər: "Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinə bildirib ki, ABŞ İranı hədəf alsa, həmin ölkələrdəki ABŞ bazalarına hücum edəcəklər".
Ali rəhbər Xamenei də daxil olmaqla, İranın bütün yüksək vəzifəli hərbi və siyasi rəsmiləri əvvəllər, ABŞ onların ərazisini hədəf alsa, Amerikanın regiondakı mövcudluğuna hücum edəcəklərini bəyan ediblər.
Qeyd edək ki, İran valyutası rialın rekord dərəcədə ucuzlaşmasından sonra 28 dekabrda Tehran bazarında dükan sahibləri tərəfindən başladılan etirazlar bütün ölkəni bürüyüb. Əsasən gənclər olmaqla yüz minlərlə insan küçələrə çıxıb, minlərlə insanın həyatını itirdiyi iddia edilir. İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) 14 yanvar tarixində 147 təhlükəsizlik işçisi və 2403 etirazçı da daxil olmaqla, ümumilikdə 2550 nəfərin öldüyünü bildirib. Tehran hökuməti hələlik ölənlərin sayı ilə bağlı rəsmi açıqlama verməyib.
Tahir TAĞIYEV