Körfəz ölkələri Tramp administrasiyasını İrana mümkün hücumdan çəkindirməyə çalışırlar. "Wall Street Journal" qəzetinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqtonu İrana qarşı müdaxilə etməməyə inandırmaq səylərinə Səudiyyə Ərəbistanı rəhbərlik edir.
Körfəz rəsmilərinin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Oman və Qətər Tramp administrasiyasını İrana potensial hücumun neft bazarlarını alt-üst edəcəyi və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcəyi barədə xəbərdar edirlər. Körfəz dövlətləri potensial hücumların Hörmüz boğazından neft tankerlərinin axınını pozacağından və regional qeyri-sabitliyə səbəb olacağından narahatdırlar.
Səudiyyə rəsmilərinin sözlərinə görə, Ər-Riyad İranla potensial münaqişəyə qarışmayacağına və ABŞ-ın hava məkanından hücumlar üçün istifadə etməsinə icazə verməyəcəyinə zəmanət verib.
Ağ Ev rəsmilərinin sözlərinə görə, Tramp hələ İrana qarşı atılacaq addımlarla bağlı yekun qərar verməyib. Bildirilir ki, Tramp hərəkət istiqamətini müəyyən etmək üçün müşavirləri ilə məsləhətləşir və mümkün variantları dəyərləndirir. Rəsmilərin sözlərinə görə, masadakı variantlar arasında İran obyektlərinə hücumlar, kiberhücumlar, yeni sanksiyalar və rejim əleyhinə sosial media hesablarını dəstəkləmək yer alır.
Tahir TAĞIYEV